blogpost-title

Менеджмент

Командная работа

Коммуникации

Корпоративная культура

MƏN əvəzinə BİZ

Автор: Шахин Гадимли (shahin.gadimli@fcg.az)

Bu bloqun yaradılmasında əsas səbəb idarəetmə sahəsində həm nəzəri, həm də praktiki müşahidələrimlə bölüşmək və maraqlanan oxucu kütləsinin öz və ətrafında mövcud idarəetmə üslubu barədə düşünməyə sövq etməkdir. Bütün səslənəcək fikirlər subyektivdir və son instansiyada həqiqət olmasını iddia etmirəm. İstənilən alternativ fikri dinləməyə, müzakirə etməyə və mövqeyimi dəyişməyə belə hazıram.

Şəxsi düşüncəmə görə bir çox sahələrdə ölkəmizin sahibkarlarının xarici rəqiblərə nisbətən qeyri-effektivliyi və geridə qalmağının səbəbi yanlış idarəetmə tərzi və metodlarıdır. Bəzən həddindən artıq hakimiyyətin mərkəzləşdirilməsi baş verir, bəzən əksinə səlahiyyətlər nəzarətsiz aşağılara ötürülür. Əminəm ki, biz rəqabətədavamlı iqtisadiyyat qurmaq istəyiriksə müasir avadanlıq, yüksək keyfiyyətli xammal, qabaqcıl peşə bilikləri ilə yanaşı müasir idarəetmə üslublarını da mütləq şəkildə tətbiq etməliyik.

Rəhbərin müəssisənin, departamentin, istənilən digər struktur vahidi olan komandanın uğurunda rolu sualı bir qədər şəxsiyyətin tarixdə rolu sualı ilə müqayisə oluna bilər. Alternativ fikir çoxdur, hər kəsin öz məntiqi var, amma yekunda hamı tərəfindən qəbul olunmuş mövqe yoxdur. Rəhbər istənilən kollektivdə çox vacibdir, ondan çox şey asılıdır. O, inkişaf istiqamətlərini müəyyən edir, operativ idarəetməni həyata keçirir, kollektivdə ab-havaya təsir edir və sair. Yəni rəhbər, xüsusən lider-rəhbər (bunlar fərqli rollardır və bəzən hətta fərqli şəxslər tərəfindən icra olunur) müstəsna rola malikdir və komandanın uğurlu olmasına ən çox təsir edən şəxsdir. Lakin bütün bunlara baxmayaraq kollektiv böyüdükcə rəhbərin nəticəyə təsir dərəcəsi nisbətən azalır və komandanın bütün digər üzvlərinin cəmlənmiş səylərinin əhəmiyyəti artır.

Güclü rəhbər mütləq şəkildə komanda oyunçusu olmalıdır və bu həm sözdə, həm də əməldə baş verməlidir. İlk növbədə rəhbər şəxs özünü nə dərəcədə dahi hesab etdiyinə baxmayaraq (özü-özlüyündə təhlükəli hissdir) başa düşməlidir tək, silahdaşlarsız o heç zaman uzunmüddətli uğurlu ola bilməz. Bu adam öz şüurunda MƏN sözünü həmişəlik BİZ ilə əvəz etməlidir. Bundan sonra isə həmin BİZ, KOMANDA yanaşması kollektivin fəlsəfəsinə çevrilməlidir. Komandanın hər bir üzvü işinin əhəmiyyətli olduğu, ümumi nəticəyə təsir etdiyi dərk etməli və hiss etməlidir. Əminəm ki, BİZ özü-özlüyündə çox ciddi qeyri-maddi motivasiyadır.

Xarizmatik lider-rəhbərlərə müraciət edib demək istəyirəm ki, komandanızın rolunu artıraraq öz rolunuzu heç də azaltmış olmayacaqsınız, əksinə komanda ətrafınızda daha çox birləşəcək və nəticələr daha uğurlu olacaq. Misal üçün, planlar qurularkən müzakirəyə işçilərin cəlb edilməsinin yalnız faydası var (təbii ki, kommersiya sirlərinin qorunması üçün tədbirləri görməklə). Əgər işçilər heç bir töhfə, dəyərli ideya verə bilməsələr belə onlar bu prosesdə iştirak etməklə gələcəkdə həmin planları daha asan qəbul edib, icra edəcəklər. Bəzən kollektiv rəyi almaq zəiflik əlaməti kimi qəbul olunur. Onun qərarvermə məsuliyyətinin bölgüsü vasitəsi kimi istifadə edən “rəhbərlər” də var. Amma əsl lider-rəhbərin yükü idman məşqçisinin yükü ilə eynidir: qalib gələndə komanda qalib gəlir, uduzanda isə rəhbər. Yekunda bir daha vurğulamaq istəyirəm ki, uzunmüddətli uğurlu olmaq istəyən rəhbər üçün MƏN əvəzinə BİZin alternativi yoxdur. Biznesin ilkin addımlarında MƏN konsepsiyası uğur gətirə bilər, amma işiniz inkişaf edib böyüdükcə onun hər tərəfinə özünüz nəzarət edə bilməyəcəksiz və bu anda BİZ xidmətinizə gələcək.