blogpost-title

Менеджмент

Коммуникации

Корпоративная культура

İşdə olmaq ≠ işləmək

Автор: Шахин Гадимли (shahin.gadimli@fcg.az)

Bir çox şirkətlərdə davamiyyətə xüsusi diqqət yetirilir. Şübhəsiz ki, intizam çox əhəmiyyətlidir. Amma bəzən davamiyyətin rolu şişirdilir. Rəhbərlər tabeliyində olan şəxslərin işdə olmasını onun işləməsi kimi qiymətləndirirlər, bu, yanlış yanaşmadır. Xüsusən, bu yanaşma zehni əməklə məşğul olan əməkdaşlara geniş tətbiq edilir. Belə ki, onların qısamüddətli iş nəticələrini qiymətləndirmək kifayət qədər çətindir və bir çoxları üçün davamiyyət əsas dəyərləndirmə meyarına çevrilib. Halbuki əməkdaş iş yerində olub işdən kənar məsələlərlə də məşğul ola bilər. Burada tam əksi də baş verə bilər. Məsafədən çalışan işçinin kifayət qədər məhsuldar olması mümkündür.

İşçinin işdə olmasının onun işləməsinin təminatı olmadığını dərk edən rəhbərlər bəzən çıxış yolunu əməkdaşın total nəzarətə götürülməsində görürlər. Bu isə mikromenecmentin ən parlaq təzahürüdür. Aydındır ki, rəhbərin vaxt ehtiyatı məhdud olduğuna görə belə nəzarət maksimum 2-3 əməkdaşa tətbiq oluna bilər. Bu isə müəyyən dövrdən sonra həm işçi, həm də rəhbərin emosional yorğunluğuna səbəb olur. Beləliklə, bu, yanlış idarəetmə tərzidir.

İşçidən iş tədbirləri və nəticələri barədə gündəlik qısa hesabatın alınması çıxış yolu ola bilər. Bəzən yalnız nəticələri göstərmək işi tam xarakterizə etmir, görülən tədbirlər də vacibdir. Əsas şərt odur ki, hesabat ən gec növbəti gün nəzərdən keçirilsin və işçiyə onun məzmunundakı göstəricilər barədə rəy bildirilsin. Həftədə ən azı bir dəfə hesabatdakı məlumatların biri və ya bir neçəsi təsadüfi seçim əsasında faktlarla üzləşdirilməlidir. Rəhbər tərəfindən belə nəzarətin aparıldığı barədə işçinin bilməsi onun hesabatlara maksimal düzgün məlumat daxil etməsinə xidmət edir. Qeyd olunan mexanizmin tətbiqi ilə işçinin həm iş yerində, həm də məsafədən səmərəli fəaliyyət göstərməsinə nail olmaq mümkündür.