blogpost-title

Management

Güclü əməkdaş işi ləngidir

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Heç güclü işçini yükləmək ənənəsi ilə qarşılaşmısınız? Müəyyən həddədək həmin işçi bu vəziyyətdən həzz alır, bütün əlavə öhdəlikləri sevə-sevə qəbul edir, bundan əlavə motivasiya qazanır. Rəhbərlər isə hərdən şüurlu, bəzən bilmədən ən az müqavimət yolunu seçib məhz güclü əməkdaşı qeyri-mütənasib istismar edirlər. Nəhayət, vəziyyət o yerə çatır ki, həmin əməkdaş da nəyinsə düz getmədiyini hiss etməyə başlayır. Artıq onu hər bir məsələdə rəhbərin güvən nöqtəsi olmağı sevindirməkdən çox məyus edir. Güclü işçiyə nə dərəcədə yüksək dəyər verilməsindən asılı olmayaraq o, digərlərinin də işləməsini və az da olsa, töhfə verməsini istəyir. Həm də bir çox hallarda yüksək dəyər daha çox mənəvi xarakter daşıyır, güclü və zəif əməkdaşlar arasında əməkhaqqının fərqi iş həcmi, mürəkkəbliyi və məsuliyyətinə mütənasib olmur. Mənəvi motivasiyası aşağı düşən anda güclü işçi bu məqama daha çox diqqət yetirməyə başlayır və əslində, ona əvvəllər düşündüyü qədər yüksək dəyər verilmədiyi qənaətinə gəlir. Ədalətsizliklə razılaşıb əvvəlki kimi yüksək məhsuldarlıq və effektivliklə işləməyə davam edənlər azlıq təşkil edir.

Vəziyyətin dəyişməsinə nail ola bilməyən bir çox güclü işçilər çıxış yolunu davranış tərzini kökündən dəyişməkdə görürlər. Əvvəllər bir günə tamamlanıb təhvil verilən iş yenə də həmin qısa müddətdə icra olunur, lakin onun təhvili ləngidilir. Axı məlumdur ki, bir çətin layihəni təhvil verdikdən dərhal sonra güclü işçiyə yeniləri həvalə olunacaq. Halbuki eyni zaman kəsiyində digər işçilər oxşar işə 2-3 dəfə artıq vaxt sərf edə bilərlər və bu, normal qəbul olunacaq. Nəticədə, güclü işçi yaxşı işləməyinin qurbanı olmamaq naminə orta statistik işçilərin səviyyəsinə uyğunlaşır.

Belə vəziyyəti yalnız rəhbər düzəldə bilər. Təbii ki, ədalət bərpa olunmalı və güclü əməkdaş layiq olduğunun maddi və qeyri-maddisinin əvəzini tam almalıdır. Lakin həll tək bunda deyil. Nə dərəcədə çətin olsa da, digər əməkdaşların inkişaf etdirilməsi və iş yükünün nisbətən tarazlaşdırılması həm ədalətlidir, həm də təşkilatda fərdlərdən, hətta ulduzlardan asılılığı aradan qaldırır.