blogpost-title

Management

Corporate culture

Hibrid iş rejimi həmişəlik qaldı

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bir neçə gün əvvəl radioda aparıcıların dialoqunu eşitdim. Bəy aparıcı evdən necə işləmək mümkün olduğunu başa düşmürdü. Xanım aparıcı isə bunun öz üstünlükləri olduğunu izah etməyə çalışırdı. Pandemiya məhdudiyyətləri bu məsələyə çoxlarının fərqli baxmağını məcbur etdi. İşəgötürənlər işçilərin məsafədən də kifayət qədər effektiv işləmələrinin mümkün olduğunu gördülər. İşçilər isə evdən işləməyin müsbət tərəflərinin olduğunu hiss etdilər.

Pandemiya geri çəkilən kimi əksər şirkətlər əməkdaşlarını ofislərə qaytardılar. Bəziləri isə hibrid rejimdə, yəni qismən ofisdə, qismən evdən işi davam edirlər. Maraqlıdır ki, gözlənilmədən ofisdən evə göndərilən işçilər təzə-təzə evdə işləməkdə çətinlik çəkirdilər. İş ondadır ki, necə işləməyə köklənmək üçün dincəlməklə də bağlı şüurmuzda xüsusi psixoloji lövbərlər var. Əksəriyyət üçün ev şəraiti daha çox istirahətlə bağlıdır. Pandemiya dövründə bu lövbəri aradan qaldırmaq tələb olunurdu. Sonra isə tam əks proses baş verdi. Evdə işləməyə öyrəşən insanlar təkrar ofisə uyğunlaşmalı idi: rəsmi geyim, ayaqqabı, düzgün oturuş və sairə. İnternetdə belə məlumat qarşıma çıxdı ki, “Google” şirkətinin “Bay View” adlı yeni və işçilərin arzuları nəzərə alınmaqla tikilmiş kampusunun açılışında məqsədlərdən biri işçiləri evdən ofisə qaytarmaqdır. Əlbəttə, insan hər şeyə uyğunlaşır. Amma şərt deyil ki, bu təzyiq və stres şəraitində baş versin. Görünür, “Google”da bunu dərk edib xüsusən əhəmiyyət verirlər.

Azərbaycan daxil dünyada hibrid iş rejimi bir standarta çevrilir və bizimlə həmişəlik qalacaq. Bunun hesabına şirkətlər məhsuldarlığı itirməməklə ofis sahəsi və əlaqədar xərclərdə qənaət edə bilirlər və eyni zamanda işçilərə doğru əlavə addım atmış olurlar. Hibrid rejimdə işləyən işçiləri idarə edən rəhbərlərin idarəetmə tərzlərində bu məqamı nəzərə almaları mütləqdir. Eyni zamanda hibrid rejim tətbiq olunan şirkətdə korporativ mədəniyyətdən məsul olan HR-lardan onu qoruyub inkişaf etdirmək üçün əlavə səylər tələb olunacaq.