blogpost-title

Management

Communication

Corporate culture

Şirkətdə məlumat axınları

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Koordinasiyanın zəif olmasından əksər orta və iriölçülü şirkətlər əziyyət çəkir. Hesab olunur ki, 150 nəfərdən artıq toplularda adamların hamısı bir-biri ilə tanış olmadığına görə kommunikasiya və koordinasiyaya pisləşir. Bəzən kiçik komandalarda da kommunikasiya problemləri müşahidə olunur.

Şirkətdə diskommunikasiyanın başlıca səbəbi məlumat axının düzgün getməməsidir. Adətən, məlumat axınlarını iki növə bölürlər: 1) əmr axını; 2) kommunikasiya axını. Əmr axını yuxarıdan aşağı, yəni rəhbərdən ona tabe olanlara və hesabatlıq formasında əks istiqamətdə gedir. Konsaltinq layihələrimiz çərçivəsində apardığımız müşahidələr onu göstərir ki, məlumat axınını tənzimləyən qaydaların bir çox şirkətlərdə olmaması və ya olduqda onlara riayət olunmaması məlumatın bütün lazımi istiqamətlərə çatmamasına və koordinasiyanın pozulmasına səbəb olur. Maraqlıdır ki, kommunikasiya qaydaları həm sıravi işçilər, həm də ən yüksək səviyyəli rəhbərlik tərəfindən pozulur. Nəticədə, böyük qarışıqlıq yaranır və şirkətlər daimi diskommunikasiya vəziyyətinə düşür. Başqa ciddi mənfi nəticə odur ki, adətən, belə şirkətlərin rəhbər heyətinə gələn məlumatlar tələb olunandan çox və bəzən ziddiyyətli olduğu üçün həmin heyətin iş yükünü lazımsız artırır.

Məlumatın kommunikasiya axını isə işçilər, struktur bölmələr arasında vəzifələrinin icrası ilə bağlı və tabeçilik münasibətləri olmadan baş verən axındır. Belə məlumat axınının birbaşa işlərin icraçıları arasında baş verməsi çox vacibdir. Bəzən rəhbərlər bu axınları da öz üzərindən həyata keçirməyə və bununla tabe olan struktur bölmədə nəzarəti həyata keçirməyə çalışırlar. Lakin bu müsbət təsirdən çox darboğazların yaranmasına və işlərin ləngiməsinə gətirib çıxarır. Rəhbərin bütün məlumatları üzərindən keçməsini tələb etmək əvəzinə, nəzarəti birbaşa işçilərin icra göstəricilərinə nəzarət sistemini qurmaq vasitəsilə təmin etməsi daha effektivdir.

Şirkətdəki məlumat axınlarının düzgün getməsinin yeganə yolu hər kəsin riayət edəcəyi kommunikasiya qaydalarının tətbiqidir. Həmin qaydalar şirkət üçün o dərəcədə mühümdür ki, onlar gələcəkdə şirkətin sağlam korporativ mədəniyyətinin əhəmiyyətli hissəsinə çevrilir.