blogpost-title

Менеджмент

İşdən çıxarma

Автор: Шахин Гадимли (shahin.gadimli@fcg.az)

İşdən çıxarma işçiyə qarşı tətbiq oluna bilən ən sərt cəza növüdür. 23 illik iş həyatımda iki diametral fərqli olan yanaşma ilə qarşılaşmışam:

1) Rəhbər əməkdaşın yol verdiyi pozuntunun ağırlığına, təkrar baş verməsinə və sairə səbəblərə baxmayaraq onu işdən çıxarmır;

2) Rəhbər əməkdaşları işdən çıxarmağa meyillidir və bu cəza növünü baş verən xətalara qeyri-mütənasib formada istifadə edir.

Əksər vaxt birinci yanaşma bizim cəmiyyətimiz üçün ənənəvi olan “kiminsə çörəyinə bais olmaq” mövzu ilə bağlı olur. Nəticədə hər tərəf zərər çəkir. İşçi işinə layiq qiymət almadığı üçün islah olmaq şansından məhrum olur və eyni yanlış tərzdə davam edir. Rəhbər davamlı olaraq həmin işçinin səhvlərini düzəldir, komandasının digər üzvlərinin haqlı narazılığına baxmayaraq qəhrəmancasına onların motivasiyanı qorumağa çalışır və enerjisini bir çox qeyri-məhsuldar məsələlərə sərf edir. Burada ən çox zərər çəkən isə şirkət və səhmdardır. Öz işçisi ona davamlı ziyan vurur, ab-havanı pozur, digər işçilər iş vaxtını və digər resursları həmin ziyanın aradan qaldırlmasına sərf edir. Rəhbər əsas olduqda və digər vasitələr tükəndikdə pis işçini işdən çıxarmağı bacarmalıdır. Əks təqdirdə o, rəhbər deyil!

Tam əksinə davranan rəhbərlər isə adətən az təcrübəli olurlar və onların idarəetmə bacarıqları zəif olur. Dərhal kimin kim olduğunu nümayiş etdirməyə və hakimiyyətlərini möhkəmləndirməyə cəhd edirlər. Belə taktika qısamüddətli müsbət effekt verir. Hər kəs belə rəhbərdən çəkinməyə başlayır. Lakin qorxu hissi idarəetmə üçün az faydalıdır. Bu cür davranış tərzi rəhbərin liderə çevrilmə imkanını sıfıra endirir. Həm də şərti yumruqla məsələni həll etmək bir vərdişə çevrildikdən sonra idarəetmə alətlərini öyrənməyə ehtiyac qalmır. Zərər yenə üç tərəfə dəyir. Rəhbər inkişaf etmir, işçi haqsızlıqla qarşılaşır, şirkət və səhmdar isə motivasiyasız kollektivlə işləyir, tez-tez yeni işçi axtarışı və öyrədilməsinə xərc çəkir, mənfi işəgötürən imicini qazanır və sair. Hər məsələdə bir qızıl orta lazımdır. Rəhbər unutmamalıdır ki, işdən çıxarmaq görüləcək ən son tədbir olmalıdır.