blogpost-title

Менеджмент

Командная работа

Коммуникации

“İşgüzar əməkdaş” qorxusu

Автор: Шахин Гадимли (shahin.gadimli@fcg.az)

Heç də hər kiçik və orta bizneslə məşğul olan şəxslər güclü, çox təşəbbüskar işçini işə götürməyə can atmır. Burada öz bizneslərində, hətta bəzən özlərinə ziyan vurmaq bahasına olsa belə No1 olmaq istəyən və bunun naminə özlərindən güclü bütün şəxsləri bizneslərindən uzaq tutmağa çalışan sahibkarlardan söhbət getmir. Fərqli istiqaməti seçmiş iş adamları da keçmiş təcrübələrinə əsasən, çox işgüzar insanları işə götürməkdən çəkinirlər. Çox enerjili, güclü və işgüzar keyfiyyətlərə malik insanlar öz təbiətlərindən irəli gələrək çox aktiv işləyirlər və sahibkara bir xeyli fayda verirlər, lakin bu dövrdə biznesin bütün xüsusiyyətlərini öyrənirlər. Bir çox hallarda onlar gələcəkdə həmin yerdən ayrılıb şəxsi bizneslərini qururlar və əvvəlki iş yerləri ilə uğurlu rəqabət aparmağa başlayırlar. Burada daha bir ssenari də var ki, işgüzar işçilərin bəziləri sahibkara ziyan vuran, özlərinə isə mənfəət qazandıran qeyri-sağlam addımları atır. Bu riskləri qabaqcadan görən sahibkar onları minimallaşdırmaq məqsədilə asan yol seçir və güclü, enerjili işçilər əvəzinə daha zəifləri işə qəbul edir. Nəticədə, həm iş yükünün çox hissəsi özünün üzərinə düşür, həm də biznesinə ziyan dəyir və inkişaf ya çox aşağı sürətlə gedir, ya da heç baş vermir.

Çıxış yolu mükəmməl idarəetmə sisteminin qurulmasıdır. Həmin sistem həm biznesin asanlıqla təkrarlanmasının qarşısını ala, həm də müxtəlif yanlış hərəkətlərdən işçiləri çəkindirə bilər. Belə sistemin bəzi mexanizmləri: 1) maddi resurslarla bağlı sərəncam vermə funksiyalarını təkcə bir şəxsin səlahiyyətinə verilməməsi; 2) sahibkar və idarəedici şəxslər tərəfindən məlumatların ən azı iki fərqli mənbədən alınması; 3) ən yaxşı işçiyə belə bütün proseslərin əvvəlindən sonunadək icrasının tapşırılmaması və sair.