blogpost-title

Менеджмент

Корпоративная культура

“Kadrlar şöbəsindən” əsl HR-a

Автор: Шахин Гадимли (shahin.gadimli@fcg.az)

İnsan Resursları (Human Resources – HR) funksiyasının əhəmiyyətindən bu gün çoxları danışır. Real vəziyyət isə fərqlidir. Bir çox yerli kiçik və orta şirkətlərdə HR-ın yalnız adı var. Belə ki, bir çox müəssisələrdə, əsasən, işçi qəbulu/xaric olunması və kadr sənədləşməsi ilə məşğul olan “kadrlar şöbəsi” mövcuddur. HR-ın, demək olar ki, adından başqa heç bir funksiyası bu struktur bölmələrə xas deyil. Onların əməkdaşları nə əsas biznesin böyüməsində öz pay və rollarını görürlər, nə daxili kommunikasiyanı yaxşılaşdırırlar, nə işçilərin inkişafı ilə məşğul olurlar, nə perfomansın ölçülməsinə diqqət yetirirlər, nə motivasiya sisteminin qurulmasına vaxt ayırırlar, nə də korporativ mədəniyyətin düzgün olmasını diqqətdə saxlayırlar. Az qala unudacaqdım. Davamiyyət – “kadrlar şöbəsinin” ən sevimli və diqqəti cəlb edən məsələlərindəndir. İşdə məhsuldarlıq və səmərəlilik aşağı ola bilər, lakin əsas odur ki, hər kəs vaxtında işə gəlib-getsin.

HR-ın məhz HR olmamasının bir neçə səbəbi ola bilər:

1) “Kadrlar şöbəsində” işləyən əksər HR-lar zəifdir. Heç özləri də əsl HR-ların işini bilmir və bacarmır. Aralarında bilənlər də var, lakin ümumi ab-havanı, HR-a münasibəti dəyişdirmək üçün əziyyət çəkmək istəməyənlər və ya təşəbbüskarlıq göstərməkdən çəkinənlər də az deyil;

2) Rəhbərlik sözdə HR-ın əhəmiyyətini dərk edir. Amma praktikada hesab edir ki, əsl HR funksiyaları üçün onun şirkəti hələ çox kiçikdir, maddi imkanları məhduddur və sair. Kadr seçimi və əsasən, kadr sənədləşməsi ilə elə HR-ı məşğul olsa, kifayətdir. Hər iki yanaşma tərzinin qurbanı isə inkişafdan qalan şirkət və həmin şirkətdə çalışan əməkdaşlar olur.

Ən kiçik şirkət belə böyümək istəyirsə, ilk növbədə kadrlarını inkişaf etdirməlidir, motivasiya sistemi qurub tətbiq etməlidir, düzgün korporativ mədəniyyət formalaşdırmalıdır və sair. Bütün bu sadalananlara küllü miqdarda xərc qoyulması da şərt deyil. Açıq məlumat mənbələri o qədər çoxdur ki, bir çox məsələləri sıfır sərmayə ilə və daxili güclə həll etmək olur. Əsas odur ki, istək olsun və rəhbərlik həmin istəyə dəstək versin. Onda “kadrlar şöbəsi” tədricən əsl HR-a çevrilir.